Martın 26-da Bakıda "Qarabağ"la Türkiyənin “Qalatasaray” komandası arasında keçirilən xeyriyyə məqsədli yoldaşlıq görüşündən nə qədər gəlir əldə olunduğu maraq doğurur. İlkin hesablamalar bu məbləğin təxminən 1 milyon manatdan çox olacağını göstərsə də, hazırda vəsaitin dəqiqləşdirilməsi aparılır.
Bu barədə Fanat.Az-a "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə məlumat verib:
"Hazırda vəsaitin hesablanması prosesi gedir. Burda söhbət təkcə bilet satışından əldə olunan vəsaitdən getmir. Reklam, teleyayın sayəsində də yığılan müəyyən məbləğ var. Bütün köçürmələr detallı şəkildə bəlli olduqdan sonra bu barədə saytımız vasitəsilə rəsmi açıqlama verəcəyik. Klub olaraq bütün məbləği şəffaf şəkildə açıqlayacağıq".
Xatırladaq ki, “Qarabağ”la “Qalatasaray” arasındakı xeyriyyə oyunundan əldə ediləcək bütün gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. "Qarabağ"ın prezidenti Tahir Gözəl hələ klub rəhbərlərinin Şəhidlər Xiyabanına ziyarəti zamanı televiziya kanallarına açıqlamasında bildirmişdi ki, artıq 1 milyon manat vəsait toplanıb. Bu isə onu deməyə əsas verir ki, xeyriyyə görüşündən zəlzələ qurbanlarına yardım üçün kifayət qədər sanballı vəsait əldə olunub.
Mirağa