Bu mövsüm Premyer Liqaya dönən qərb təmsilçilərinin - "Turan Tovuz"la "Kəpəz"in çempionata rəng qatdığını qeyd etməmək insafsızlıq olar. Tovuzlular klub olaraq gördüyü işlərin (sponsorun cəlb edilməsi, akademiyanın yaradılması, komanda üçün avtobus alınması və sair) fonunda ilk dövrədəki nəticələri ilə daha çox rəğbət oyatmışdı. Ancaq Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hardasa 2 aya yaxındır azarkeşlərini üzməyə davam edir. Konkret, fevralın 19-da "Sabah" üzərində parlaq səfər qələbəsindən (2:0) sonra tovuzlular 3 xala sevinə bilməyib.
Əlbəttə, futbolda məğlubiyyət də var, qələbə də, heç-heçə də. Biz təsadüfi, lap elə 1-2 qanunauyğun yenilgidən danışmırıq, bunu heç qabartmağa da dəyməz. Ancaq yaxşı və ya pis nəticələr silsiləvi hal alırsa, deməli, konkret səbəbi də var.
Qeyd etdiyimiz kimi, "Turan Tovuz" artıq 5 oyundur qələbə qazanmır. Abbasovun komandası bu müddətdə 2 heç-heçə ilə kifayətlənib, digər 3 oyunda isə uduzub. Qələbəsiz seriya artıq komandanın statusuna xələl gətirməyə, 6-cı pillədəki "taxt"ını tərpətməyə başlayıb. Təsadüfi deyil ki, "Kəpəz" tovuzlularla xal fərqini 3-ə, yəni əlçatana endirib. Yeri gəlmişkən, "Turan Tovuz" ikinci dövrədəki nəticələri ilə nəinki "Kəpəz", hətta "Sumqayıt"dan da geri qalır. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qışdan sonra keçirdiyi 10 oyunda cəmi 11 xal toplaya bilibsə, "Kəpəz"də bu rəqəm 13, "Sumqayıt"da isə 12-dir.
Arxayınlıq
Yeni sponsorla anlaşdıqdan sonra nəticələrinin daha da yaxşılaşacağı güman olunan, ancaq azarkeşlərini üzməkdə olan "Turan Tovuz"un son uğursuzluqlarının səbəblərindən biri, bəlkə də birincisi arxayınlıqdır. Qış fasiləsinə qədər özü haqqında ortabab komanda statusu formalaşdırmağı bacaran aərb təmsilçisi kubokun yarımfinalına vəsiqə ilə boyundan yuxarı tullanmış oldu. Mövsümün ikinci yarısına da pis başlamamışdılar. Hər halda, 3-cü dövrəni uğurlu hesab etmək olar. Nə oldusa, "Sabah"la oyundan sonra başladı. Bakıdakı qələbədən sonra "Turan Tovuz"un ən yaxın izləyicisi ilə xal fərqi 8-ə çatırdı. Çempionatı tərk edəcək sonuncu yerin sahibi ilə fərq isə daha böyük idi - 10 xal. Düzdür, "Turan Tovuz" yenə sonuncu komanda ilə 10 xallıq məsafəni qoruyur. Əvəzində "Kəpəz"lə "Sumqayıt"ı özünə xeyli yaxın buraxıb.
Şirnikləndirici təkliflər
Uğurlu nəticər və baxımlı futbola görə "Turan Tovuz"un bir neçə aparıcı futbolçusunun diqqət mərkəzinə düşməsi əslində normaldır. Bununla belə, görünən odur ki, digər klublardan gələn şirnikləndirici təkliflər futbolçuların beynini dumanlandırıb. Məsələn, hazırda "Turan Tovuz"da 6 min manat maaş alan Natan Oduva klubdan məvacibinin artırılmasını tələb edir, 10 min istəyir. Meneceri Ayxan Quseynovu Bakı və ya paytaxta yaxın bölgənin komandasına gətirəcəyini vəd verir, onun diqqətini yayındırır. Komandanın əsas qoleadorunun başqa təklif alıb almadığı bilinmir, amma o da Natanla bəhsə girib maaşının artırılmasını istəyir....
Bir sözlə, qərb təmsilçisinin üzvləri mövsüm başa çatmamış yeni müqavilə hayındadırlar.
"İkinci növ" yerlilər
Əslində "Turan Tovuz"da aparıcı qüvvə legionerlərdir. Qərb təmsilçisi xüsusilə hücumda Natan Oduva, Runi Eva, Ayxan Quseynov triosunun sayəsində önəmli xallar qazanıb. Müdafiədə milli üzvü Xulu Siyandanın, yerlilərdən isə Şəhriyar Əliyevin köməyinə bel bağlamaq mümkündür. Ancaq Sadiq Quliyev, Cavid Tağıyev, Xəyal Nəcəfov və bu kimi heç kimə lazım olmayan yerlilərlə bundan artığına nail olmaq müşkül məsələdir. Ayxan Abbasov start heyəti əsasən legionerlərin sayəsində birtəhər formalaşdırır. Ancaq zədə, vərəqə və ya digər səbəbdən əsas heyətin 1-2 üzvü olmayanda zəncir qopur. Ehtiyat oyunçular skamyasının genişliyindən isə danışmağa dəyməz. Bir sözlə, Abbasovun bəxti gətirmir: "Sumqayıt"da legioner məhdudiyyəti ilə üzləşən çalışdırıcı "Turan Tovuz"da samballı yerli futbolçu qıtlığı yaşayır.
İtkilər
İnsafən, "Turan Tovuz"un son uğursuzluqlarında obyektiv səbəblər də var və qeyd olunmalıdır. Elə götürək "Sumqayıt"la oyunu. Komanda ötən turla müqayisədə meydana məcburən köklü dəyişikliklə çıxmışdı. "Qəbələ" ilə matçda start heyətində olan futbolçulardan qapıçı Tərlan Əhmədli yerini Kamal Bayramova vermişdisə, müdafiəçi Xulu Sİyanda millinin düşərgəsindən gec döndüyü üçün adı protokola salınmamışdı. Bundan başqa, Ayxan Quseynov və Turan Vəlizadə bu dəfə ehtiyatda qalmışdılar. Əvəzində "Qəbələ"yə qarşı oynamayan Xəyal Nəcəfov və Eltun Turabov start "11-lik"də peyda olmuşdu. Üç turdu meydana çıxmayan daha bir futbolçu Cavid Tağıyev isə əvəzetmədən oyuna qoşuldu. Bir sözlə, itkilər və qeyri-sabit nəticələr Ayxan Abbasovu tez-tez rotasiyaya vadar edir ki, belədə durum daha da ağırlaşır.
Dönüş üçün fürsət
Qarşıdakı iki həftə "Turan Tovuz" üçün sınaq, dönüş yaratmaq fürsəti sayılmalıdır. Belə ki, Abbasovun yetirmələri bu həftəsonu yenidən doğma meydanda münasib rəqiblə üzləşəcək. Aprelin 9-dakı rəqib "Şamaxı" olacaq. Həmin "Şamaxı" ki, qərb təmsilçisi kubokda məhz bu rəqibini mübarizədən kənarlaşdırıb. Üstəlik, çempionatdakı 3 dueldən 2-ni (hər ikisi 1:0) də məhz tovuzlular qazanıb. Baxmayaraq ki, komanda evdə keçirdiyi oyunda bu rəqibinə 1:3 uduzub. "Turan Tovuz" həm "Şamaxı"nı, həm də bu mövsüm kubok da daxil olmaqla 5 dəfə qarşılaşdığı və heç birində uduzmadığı (3 qələbə, 2 heç-heçə) "Kəpəz"i məğlub edib "qara zolaq"dan çıxmalıdır. Bu, "Neftçi" ilə kubok matçları üçün də yaxşı motivasiya olar.
Mirağa