UEFA prezidenti Aleksandr Çeferin "Barselona" ilə bağlı rüşvət qalmaqalından danışıb.
Fanat.Az xəbər verir ki, qurumun başçısı Sloveniyanın "Ekipa24" telekanalına müsahibəsində məsələ ilə bağlı narahatlığını ifadə edərək kataloniyalılardan əl çəkməyəcəyini deyib.
"Təbii ki, iki səbəbə görə bu barədə birbaşa şərh verə bilmərəm. Birincisi, müstəqil nizam-intizam komitəmiz var. İkincisi, bu mövzu ilə ətraflı məşğul deyiləm. Bununla belə, bir şey deyə bilərəm: prinsipiallıq göstərəcək, araşdırmanı davam etdirməkdən əl çəkməyəcəyəm. Vəziyyət o qədər ciddidir ki... Futbolda olduğum vaxtdan ən ciddi qalmaqaldır. İspan liqası səviyyəsində məsələ bəlkə də köhnəlib. Nəticələri isə İspaniya mülki ittihamı səviyyəsində araşdırılır. Ancaq UEFA-da köhnəlmiş heç nə olmur”.
Xatırladaq ki, daha öncə "Barselona"nın 2016-2018-ci illər aralığında Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra 7,3 milyon avro ödədiyi bəlli olub. "Blauqrana" rəsmiləri bu məbləği sözügedən futbol məmuru onlara gənc oyunçular və hakim idarəçiliyi haqda müntəzəm hesabat hazırladığı üçün verdiklərini bildiriblər. Neqreyranın özü də "Barsa"ya konsaltinq xidmətləri göstərdiyini və qarşılığında pul aldığını söyləyib. Tərəflərin açıqlamalarına rəğmən, yerli prokurorluq və futbol ictimaiyyəti "Barselona"nı hakimlərə rüşvət verməkdə suçlamağa davam edir. İspaniya prokurorluğu korrupsiya, sənədlərlə bağlı fırıldaqçılıq, klub rəhbərliyinin vəzifəsindən sui-istifadəsi ittihamı ilə "Barselona"dan məhkəməyə şikayət etsə də, bunu sübuta yetirəcək hər hansı sənəd tapa bilməyib. UEFA-nın araşdırmaları isə davam edir.
Mirağa