Mövsüm başa çatmasa da, indidən "Neftçi"nin transfer fəaliyyətində canlanma hiss olunur. Həm Premyer Liqadan, həm də kubokdan Konfrans Liqasına vəsiqə şansını davam etdirən paytaxt təmsilçisi avrokubok hazırlığına başlayıb. Yeri gəlmişkən, “Neftçi”nin idman direktoru Zaur Əzizov hələ bir müddət əvvəl klubun “Youtube” kanalına müsahibəsində yayda 4 transfer edəcəklərini bildirib.
Rəsmi şəkildə təsdiqlənməsə də, "ağ-qaralar"ın bir neçə futbolçu ilə ciddi maraqlandığı məlumdur. Konkret, bakılılar əzəli rəqibi "Qarabağ"ın üç futbolçusunu - Ramil Şeydayev, Toral Bayramov və Filip Ozobiçi ələ keçirməyə çalışır. Bundan başqa, transfer siyahısında "Zirə"dən Eldar Quliyev və "Turan Tovuz"dan Ayxan Quseynovun adı var...
Bəs yayda komandanı kimlər tərk edə bilər? Sözsüz ki, ilk növbədə mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq futbolçulara nəzər yetirmək lazım gəlir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"də nə az, nə çox - 8 belə oyunçu var. Düzdür, onların arasında komandanın kapitanı Emin Mahmudov da var. Ancaq "ağ-qaralar"ın ən bədbin azarkeşi belə, Eminin "Neftçi"dən ayrılmasını istəməz. Baxmayaraq ki, mövsümün ortasında futbolçu ilə bir qrup fanat arasında xoşagəlməz anlar yaşanmış, bəzi azarkeşlər onu fitə basmışdılar. Ancaq faktdır ki, Mahmudov "Neftçi"nin kapitanı, üstəlik, ən məhsuldar oyunçusu, yəni vuran ayağıdır. Heyəti gücləndirməyi qarşısına hədəf qoyan "Neftçi" rəhbərliyi çətin ki, onu əldən buraxsın.
Mahmudovdan başqa, Voyislav Stankoviç, Vato Arveladze, Mert Çelik, İsmayıl Zülfüqarlı və Fərid Yusiflinin, o cümlədən hər iki qapıçının - Aqil Məmmədovla İvan Brkiçin anlaşması iyunun sonunda qüvvədən düşəcək.
"Neftçi"nin bu futbolçulardan kiminlə müqaviləni yenilənəcəyi yaxın günlərdə bilinəcək. Özünü doğrultmayan Arveladzenin, o cümlədən anlaşması 2025-ci ilin yayında bitəcək Yeqor Boqomolskinin yola salınması mümkündür. Təbii ki, bu, Ramil Şeydayev və Ayxan Quseynovun keçidi reallaşacağı təqdirdə həyata keçə bilər.
Mirağa