Yeni 5 illik inkişaf strategiyası hazırlayan, növbəti mövsüm üçün "Qarabağ"la başabaş mübarizə apara biləcək komanda formalaşdırmağı hədəfləyən "Neftçi" rəhbərliyi komandanın hücum xəttinin gücləndirilməsində israrlıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda klub bossları "Turan Tovuz"un forvardı Natan Oduvanın da çıxışını diqqətlə izləyir.
Hərçənd Tovuz təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq "Tottenhem"in yetirməsi ilə bağlı müəyyən tərəddüdlər də var. Başqa sözlə, "ağ-qaralar" İngiltərənin U-17, U-18, U-20 yığmalarında, tarixi vətəni Nigeriyanın U-23 millisində top qovmuş Natanın çempionluğa oynayan komandaya fayda verib-verməyəcəyinə əmin deyil. Sözügedən oyunçunun tez-tez zədələnməsi və 90 dəqiqə eyni templə mübarizə apara bilməməsi də fikirləri haçalandırır. Elə bu səbədən 27 yaşlı ön xətt oyunçusu paytaxt klubu üçün alternativ variantlardan biri olaraq qalır.
Qeyd edək ki, Oduva ötən mövsüm sonradan "Şamaxı"ya çevrilən "Keşlə"nin formasını geyinib.
Nihat