Cari mövsüm elitada qalmaq uğrunda mübarizə aparan "Sumqayıt" Azərbaycan Premyer Liqasındakı yerini qoruyacağı halda, heyətində ciddi dəyişikliklər olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın prezidenti Riad Rəfiyev mövsümün başa çatmasını gözləmədən bütün əlaqələrini işə salıb.
"Gənclik şəhəri" təmsilçisinin həm də futbol agenti kimi tanınan başqanı Azərbaycanda çıxış edən, klubları ilə müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacaq 10-a yaxın futbolçu ilə şəxsən əlaqə saxlayıb ki, onlardan da beşinin adı bəllidir. Şübhəsiz, bu o demək deyil ki, "Sumqayıt" elitadan düşməyəcəyi təqdirdə, bu futbolçuların hamısını növbəti mövsüm üçün heyətinə qatacaq. Həmin oyunçuların adlarına gəlincə, Rəfiyev "Turan Tovuz"un 27 yaşlı hücumçusu Natan Oduvanın komandanı gücləndirə biləcəyinə inanırsa, Tovuz təmsilçisinin digər oyunçusu Ayxan Quseynov da əsas hədəflərdən biridir. Maraqlıdır ki, digər 3 oyunçu da "Kəpəz"in formasını geyinir. Bunlar Yusif Nəbiyev, Abdullahi Şuaybu və Ahmed Ayzayadır.
Nihat