Bu qış "Neftçi"nin Latviyanın "Dauqavpils" klubuna icarəyə verdiyi Ramin Nəsirli qısa müddətdə start "11-lik"dəki yerini möhkəmlədib. Çıxdığı 4 çempionat qarşılaşmasının hamısında ilk dəqiqədən meydanda olan 20 yaşlı Ramin 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkə xaricində legioner həyatı yaşayan Raminlə əlaqə saxlayıb işlərinin necə getdiyini soruşduq, gələcək planları ilə maraqlandıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bura gəlməyimin əsas səbəbi özümü legioner kimi yoxlamaq idi. Çünki öz klubumda yetərincə şans qazanmırdım. Burada daha çox mübarizə futboludur, amma oyunların tempi normaldır. Komandada çox yaxşı kollektiv var. Hamı bir biri ilə çox xoş davranır. Çempionat orta səviyyəli çempionatdır, amma mənim məqsədim ölkəmi və bayrağımı Avropada ən yüksək səviyyədə təmsil etməkdir. Buna görə də daim meydanda əlimdən gələnin ən yaxşısını etməliyəm. Buranı tramplin kimi görürəm. İstədiyim gələcəkdə karyeramı Avropada davam etdirməkdir".
Qeyd edək ki, Nəsirli Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da formasını geyinir.
Nihat