"Çelsi" Çempionlar Liqasında 1/4 finalın ilk oyunları çərçivəsində "Real Madrid"in qonağı olub.
Fanat.Az xəbər verir ki, London klubunun baş məşqçisi Frenk Lempard 0:2 hesabı ilə məğlub olduqları görüşü belə dəyərləndirib:
"Bəli, bu gün uduzduq. Amma bu, günün reallığıdır. Matçdan sonra futbolçularıma dedim ki, "Stemford Bric"dəki cavab oyununda möcüzə baş verə bilər. "Real Madrid" çox yaxşı komandadır. Amma biz şanslarımıza inanmalıyıq. Oyunçularımla fəxr edirəm.
Sadəcə standart vəziyyətdən qol buraxmaq məni məyus etdi. Ancaq 10 nəfərlə oynamağımıza baxmayaraq rəqibin bizi parçaladığını düşünmürəm. Bu, bizim xarakterimiz sayəsində oldu. Feliks, Sterlinq və Mauntun qol imkanları var idi. Rəqib kimi biz də yaxşı komandayıq. Amma özümüzə inamımız çatmır. Futbolçular nə qədər yaxşı olduqlarının fərqində deyillər. Bu oyun yaxşı keçdi, ona görə də gələn həftə böyük döyüş olacaq”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprelin 18-i tarixində keçiriləcək.
Röya