Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda "Sumqayıt" "Şamaxı" ilə səfər matçında heç-heçəyə (0:0) razılaşıb.
"Gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynov Fanat.Az-a müsahibəsində həm sözügedən qarşılaşmanı dəyərləndirib, həm də digər sualları cavablandırıb:
- "Şamaxı" ilə oyunda bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Şamaxı ən çətin səfərlərdən sayılır. Təkcə biz yox, bütün komandalar burda çətinlik çəkib. Cavid Hüseynov yerli futbolçulardan ideal kollektiv formalaşdırıb. Hesab edirəm ki, hər iki komanda xal qazanmağa layiq idi. Ən azından heç birimiz məğlubiyyəti haqq etmirdi.
- Oyundan sonra "Sumqayıt" azarkeşləri ilə aranızda anlaşılmazlıq yaşandı...
- Ciddi nəsə olmadı. Sadəcə, azarkeşlərimiz futbolçuların onların olduğu tribunaya yaxınlaşmayıb birbaşa soyunub-geyinmə otağına getməsini irad bildirdilər. Müəyyən qədər haqlı idilər. Çünki o qədər yol gəlmişdilər, komandanı sona qədər dəstəklədilər. Özünüz də gördünüz, sayları kifayət qədər idi. Dərhal komanda üzvlərini paltardəyişmə otağından geri çağırdım, birlikdə onların olduğu tribunanın qarşısına getdik. Onların alqışları altında minnətdarlığımızı bildirdik. Futbolçunu da başa düşmək lazımdır, qalib gələ bilməmişdik, üzgün idik. Nə isə, oldu-keçdi. Narazılıq bildirənləri tanıyıram, fanklubun üzvləridir. Hamısı ilə münasibətim var. Ərkyana bildirdim ki, məsələni şişirtməsinlər.
- Sonuncu yeri tutmamaq üçün 4-5 komanda arasında gərgin mübarizə gedir. "Sumqayıt" Premyer Liqada qalmaq üçün ilk növbədə nə etməlidir?
- Hər oyun bizim üçün finala bərabərdir. Səfərdə hər xal qızıla bərabərdir. Ev oyunlarında isə mütləq qalib gəlmək lazımdır. "Qəbələ", "Səbail", "Sabah" və "Zirə"ni Sumqayıtda qəbul edəcəyik. Əlimizdən gələni edəcəyik ki, bu görüşlərdə qalib gələk, xüsusilə "Səbail"lə görüşdə meydanı maksimum nəticə ilə tərk edək.
- Son günlər heç kimin Premyer Liqanı tərk etməməsi təklifi müzakirə olunur.
- Mən bu variantı dəstəkləyənlərdənəm. Baxın, "Sumqayıt", "Səbail", "Şamaxı", "Kəpəz" infrastruktur planında nə qədər işlər görüb. Akademiyalar, əsas komandalar formalaşıb. Xüsusilə qışdan sonra nəzərəçarpacaq işlər göz önündədir. Elitadan düşəndən sonra bu işlərin davam edib-etməyəcəyi sual altına düşəcək. Həmin sponsorlar divizionda kluba pul ayırmayacaq. Legionerlər yeni şərtlərlə komandada qalacaqmı? Belə deyək, hər şeyə sıfırdan başlamaq lazım gələcək. Nə təklif edirəm? Komanda sayı artırılsın! "Araz Naxçıvan" da gəlsin, əlavə daha bir komanda da. Həm oyun sayı artar, həm bölgə futbolu genişlənər. Keçən il "Kəpəz"lə "Turan Tovuz"un Premyer Liqaya buraxılması tənqid olunurdu. Halbuki onlar çempionata rəng qatdılar və bundan Azərbaycan futbolu qazanacaq.
Mirağa