"Real Madrid" Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində "Çelsi"nin qonağı olub.
Fanat.Az xəbər verir ki, ilk oyunda 2 cavabsız qolla qalib gəlmiş İspaniya nəhəngi səfərdə də eyni hesabla qələbə qazanaraq yarımfinala adını yazdırıb.
Madrid klubunun baş məşqçisi Karlo Ançelotti əldə etdikləri uğuru belə dəyərləndirib:
"Bilirdik ki, belə matçda səbr etməli olacağıq. Rəqib hər şeyi sınadı, bizə problem yaratdı, xüsusən də sol cinahda. Amma sonra düzəlişlər etdik. Bu matçda hər şey var idi və dözmək məcburiyyətində qalmağımız da təbiidir. Müdafiədə səviyyə nümayiş etdirdik və daha da irəli getməyə layiq idik.
Kurtua çox vacib seyv etdi, yoxsa "Çelsi" önə keçəcəkdi. İkinci hissədə oyuna daha yaxşı nəzarət etdik, əks-hücumlarda daha çox yerimiz oldu və iki qol vura bildik.
Militaonun sarı vərəqə alması məni biraz narahat etdi. Çünki 10 nəfərlə asan olmayacaqdı. Amma o, əla oyun keçirdi. İlk yarımfinal oyununda oynamayacaq, amma ümid edirəm ki, sözügedən matça qədər Alabanın zədəsi sağalacaq.
Biz özümüzü düşünürük, amma “Milan”a görə də sevinirəm. Uzun müddətdir yarımfinalda oynamırlar. “Napoli” üçün isə üzgünəm. Bu klub da mənim üçün əzizdir”.
Qeyd edək ki, gecənin digər matçında "Milan" "Napoli" ilə 1:1 hesablı heç-heçə edib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Milan" növbəti mərhələyə adlayıb.
Röya