Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"ni 1:0 hesabı ilə yenən "Turan Tovuz" finala yüksəlmək uğrunda inamlı addım atdı. Şübhəsiz, qarşıda tərəflərin ikinci dueli də var və "ağ-qaralar"ın evdə vəziyyəti xeyrinə dəyişmək ehtimalı qüvvədədir. Tovuzluların yeganə qolunun müəllifi olan Denis Marandiçi ilə əlaqə saxlayıb Bakı təmsilçisi üzərində qələbə və vurduğu önəmli qol barədə təəssüratlarını bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Vurduğumun qol sayəsində qələbə qazanmağımız sevindiricidir. Ancaq mənim üçün daha vacib olan şəxsi statistika yox, "Turan Tovuz"un qələbəsidir. Ev oyununda güclü rəqibi üstələsək də, bu, hələ heç nə demək deyil. Çünki qarşıda bizi "Neftçi" ilə ağır səfər qarşılaşması gözləyir. Cavab oyununun nə dərəcədə çətin keçəcəyini hər birimiz anlayırıq. Hərçənd Bakıda da müsbət nəticə əldə edəcəyimizə ümidliyik.
Bildiyiniz kimi, bu görüşdən öncə "Sabah"la çempionat matçına çıxmalıyıq. Əlbəttə ki, "Sabah"la qarşılaşma da bizim üçün çox önəmlidir. Öncə çempionat oyununa, ardından "Neftçi" ilə ikinci matça hazırlaşacağıq".
Nihat