Xosep Qvardiola “Mançester Siti”yə qarşı maliyyə maxinasiyası ilə bağlı araşdırmanın ləng getməsindən məyusdur.
Fanat.Az xəbər verir ki, kataloniyalı baş məşqçi bu barədə fikirlərini "Sky Sports"a açıqlamasında bildirib.
"Şəhərlilər"in çalışdırıcısı ittihamçıları prosesi sürətləndirməyə çağırıb: "İstədiyim odur ki, Premyer Liqa və hakimlər mümkün qədər tez qərar versinlər. Səhv nəsə etmişiksə, qoy hamı bunu vaxtında bilsin. Əks halda, yəni düzgün yoldayıqsa - buna həmişə inandığımız kimi - insanlar bu barədə danışmağı dayandırsınlar. Nə olursa, tez olsun. Çox istərdik ki, sabah baş versin. Xeyr, bu gün günorta daha yaxşı olardı".
Narahat olmayın, üstümüzdəki bu yük götürülməyən müddətcə klubda qalacağam. İstədiyim odur ki, Premyer Liqa və hakimlər tez bir zamanda nəsə etsinlər”.
Qeyd edək ki, İngiltərə Premyer Liqa rəhbərliyi fevral ayında MS-yə qarşı 115 ittiham üzrə araşdırmaya başladığını elan edib. Klub isə işə müstəqil komitə tərəfindən nə qədər tez baxılarsa, adlarını təmizləmək və uğurlarının əsaslılığına dair hər hansı şübhəni aradan qaldırmaq imkanlarının bir o qədər tez olacağını düşünür.
MS son 15 ildə 15 böyük kubok qazanıb. Keçən həftə sonu Premyer Liqanı qazanan klub Çempionlar Liqası və İngiltərə Kubokunun finalına hazırlaşır.
Mirağa