"Barselona"nın müdafiəçisi Jordi Alba cari mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılmağa qərar verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Mundo Deportivo" yayıb.
Müqaviləsinin müddəti gələn ilin yayına qədər olan Jordinin anlaşmasına qarşılıqlı razılıq əsasında xitam verildiyi vurğulanıb. Mənbə 34 yaşlı Albanın və gedəcəyi daha öncədən dəqiqləşən təcrübəli yarımmüdafiəçi Serxio Busketsin mayın 28-də "Kamp Nou"da azarkeşlərlə vidalaşacağını açıqlayıb.
Qeyd edək ki, Jordi Alba "Barselona"da keçirdiyi 11 mövsümdə 458 matça çıxıb. Bu qarşılaşmalarda 27 qol vuran müdafiəçi 99 məhsuldar ötürmə ilə də yadda qalıb. O, "blauqrana"nın sıralarında 6 dəfə İspaniya çempionatının, 1 dəfə Çempionlar Liqasının qalibi olub.
Nihat