"İnter" Premyer Liqanın XXXIII turunda Avropa Liqasına vəsiqəni təmin edə bilər. Fanat.az xəbər verir ki, bunun üçün iki oyunun nəticəsi önəmli olacaq.
Belə ki, "bankirlər" evdə "Sumqayıt" yensə xalları 63-ə yüksəldəcəklər. Lakin bu Avropa Liqasına vəsiqəni rəsmiləşdirmək üçün yetərli deyil. 4-cü pillədəki "Qəbələ" isə "Neftçi"nin qonağı olacaq. Bölgə klubu bu turda qələbə qazansa, "İnter"lə 9 xallıq fərqi qoruyacaqlar. Yuri Syominin komandası hələlik şəxsi oyunlarda "bankirlər"dən üstündü (2 qələbə, 1 məğlubiyyət). Bu halda vəsiqəni təmin etmək mümkün olmayacaq. "İnter"ə Avropa biletini 3 tur əvvəldən almaq üçün "Qəbələ"nin xal itkisi vacibdi. Bu halda, Bakı klubunun 4-cü pillədən aşağı düşməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, "Qarabağ" artıq Avropaya vəsiqə əldə edib. Sona 4 tur qalmış ən yaxın rəqibini 8, 17 xal qabaqlayan Ağdam klubu çempion olmasa belə ən azı Avropa Liqasına gedəcək. İkinci dərəcəkli klub turnirinə bir vəsiqə kubokun qalibinin payına düşəcək. Finala "Neftçi" və "Qəbələ" vəsiqə qazanıb. bu səbəbdən onlardan birinin Avropa Liqasına gedəcəyi dəqiqdi. Hazırda kubokun finalçıları ilk yanaşı, bu vəsiqələrə "İnter" və "Bakı", həmçinin riyazi olaraq "Simurq" iddia edir.
Fanat.az