Mayın 26-da "Sirab" brendinin futbol üzrə Azərbaycan çempionu "Qarabağ"la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, imza mərasimində "Sirab"ın CEO-su Alpər Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, "Qarabağ" FK-nun baş direktoru Əmrah Çəlikəl, komandanın marketinq departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.
Əvvəlcə su tərəfdaşlığı rəsmiləşdirilib. Müqaviləni "Sirab" şirkətinin CEO-su Alpər Yaycılı və "Qarabağ" FK-nun baş direktoru Əmrah Çəlikəl imzalayıb. Tərəflər arasında razılaşma 1 illik nəzərdə tutulub.
İmza mərasimində "Sirab" şirkətinin CEO-su Alpər Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib:
"Qarabağ" Azərbaycan idmanının ən öndə olan adlarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. "Sirab" olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən "Qarabağ" FK ilə əməşdalığımız var. Bu gündən etibarən isə həm də rəsmi su tərəfdaşı olaraq çalışacağıq. "Qarabağ" kimi titullu və böyük komandayla əməkdaşlıqdan qürur duyuruq".
Qeyd edək ki, 70 ildən çox yaşı olan "Sirab" mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin olan "Sirab" suyunun Azərbaycanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İraq, Qətər, Polşa, Ukrayna və Baltikyanı ölkələrdə özünəməxsus yer vardır.
Dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox ölkələrdə yüksək mükafatlara layiq görülüb.