Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Fabritsio Romano: İcarə əsasında "Çelsi"də çıxış edən Joau Feliks klubu "Atletiko Madrid"ə geri dönəcək. Bu barədə La Liqa təmsilçisinin prezidenti Enrike Sereso məlumat verib. Onun sözlərinə görə, "Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino 23 yaşlı hücumçunu komandasında görmək istəmir. Bu səbəbdən mövsümün sonunda Feliks Madridə qayıdacaq.
"Foot Mercato": PSJ-nin qapıçısı Keylor Navasın "Nottinqem Forest"də icarə müddəti başa çatıb. Kosta-Rika millisinin üzvü İngiltərənin 3 klubunun diqqətini cəlb edib. "Tottenhem", "Çelsi" və "Brentford" 36 yaşlı qapıçını xidmətində maraqlıdırlar.
"Evening Standard": "Tottenhem"in ilk yay transferinin kimliyi bəlli oldu. İPL təmsilçisi "Yuventus"dan icarəyə götürdüyü Deyan Kulusevskini birdəfəlik almaq istəyir. İsveçli futbolçu "Tottenhem"in heyətində bütün turnirlərdə 57 matçda meydana çıxıb.
Rəsmi: “Union Berlin” 4 futbolçusu ilə vidalaşıb. Bunlar müdafiəçilər Timo Baumqartlla Niko Gisselmann və yarımmüdafiəçilər Levin Öztunalı ilə Tim Matsiyevskidir. PSV-dən icarəyə götürülmüş Baumqartlın icarə müddəti, digər üç futbolçunun isə Almaniya klubu müqavilələri başa çatıb.
Rəsmi: “Fiorentina”nın yarımmüdafiəçisi Yussef Malehi “Leççe”yə keçib. 24 yaşlı futbolçunu bu ilin əvvəlində icarəyə götürən “Leççe” onun transfer hüquqlarını da alıb. “Fiorentina” bu keçiddən 5,5 milyon avro qazanıb.
Rəsmi: "Ayntraxt" PSJ-nin yetirməsi olan Dinu Ebimbeni transfer edib. 22 yaşlı fransalı futbolçunun keçidi Almaniya klubuna 6,5 milyon avroya başa gəlib. Cari mövsümü icarə əsasında "Ayntraxt"da keçirən Dinu birdəfəlik satın alınıb. O, cari mövsüm Bundesliqada 28 matçda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya