Avropa Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turnirin finalında İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəliblər.
Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçirilən görüşdə əsas vaxtda qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" yenə bu turnirdə ən güclü olmağı bacarıb.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan "Roma"nın baş məşqçisi Joze Mourinyu məğlubiyyəti belə şərh edib:
"Beş finalda qalib olmuşam, ancaq bu dəfə finalda məğlub oldum. Amma evə başım dik qayıdıram. Uşaqlar hər şey etdilər. Biz hər şeyə ciddi yanaşırıq, çox işləyirik. Hər kəs fərqli reaksiya verir, kimisi ağlayır, kimisi yox. Hamımız kədərliyik. Əla matç, möhtəşəm, gərgin, parlaq final. Biz istedadlı oyunçuları olan komandadan təzyiq hiss etdik. Oyunda məğlub olduq, amma ləyaqətimizi itirmədik. Mən qürur hissi ilə evə gedirəm. Hətta qalib gələndə belə, bu qədər güclü deyildim. "Sevilya"nı təbrik edirəm. Amma eyni zamanda oğlanlarımı da təbrik etmək istəyirəm. Onlar evlərinə rahatlıqla getməli və özləri ilə fəxr etməlidirlər".
Röya