“İnter” Topaz Premyer Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. Fanat.az xəbər verir ki, son 7 matçda 19 qol vuran və cəmi 2 top buraxan paytaxt təmsilçisi 18 xal qazanıb.
“Qəbələ” (4:1), “Rəvan” (3:0), “Simurq” (1:0), “Neftçi” (2:1), “Bakı” (4:0), “Xəzər Lənkəran”nın (3:0) ardından "Sumqayıt"ı 2 cavabsız qolla üstələyən “İnter” rekorda imza atıb. Belə ki, "bankirlər" indiyədək ardıcıl 7 qələbə qazanmamışdı.
"İnter" bu günədək 4 dəfə 6 qələbəni sıralamışdı. Bakı klubu 2008-ci ilin yazında - 2007/08 mövsümünün son 6 matçında qələbə qazanmaqla çempionluğu bayram etmişdi. 2008/09 mövsümünün startında - 2008-ci ilin payızında da “İnter” 6 qələbədən ibarət seriyaya imza atmışdı. Çempionluqla nəticələnən 2009/10 mövsümünün ortalarında da eyni nəticəni təkrarlayan komanda qələbələrindən 3-nü 2009-un sonunda, 3-nü 2010-nun əvvəlində əldə etmişdi. Son belə nəticə isə cari mövsümün 27-32-ci turlarında qeydə alınmışdı.
3 dəfə 7-ci qələbəsini qazanmaq imkanını qaçıran paytaxt təmsilçisi mütləq rekorda dünən “Sumqayıt”ı yenməklə imza atıb. Bu həm də "Qarabağ"ın cari mövsümdəki rekordunun təkrarlanması deməkdi. Bundan əvvəl ağdamlılar 7 oyunluq qələbə seriyası qura bilmişdi.
Qeyd edək ki, qələbə seriyalarında ölkə çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdu - 20 oyun.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol