İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" növbəti mövsümə hazırlıqları ara vermədən davam etdirir. Gündə iki dəfə olmaqla məşqə çıxan komanda fiziki hazırlıqla yanaşı, taktiki ve texniki tapşırıqlar üzərində də işləyir. Georgi Çixradzenin yetirmələri iyunun 30-da ilk yoldaşlıq görüşünü keçirdəcək. "Green Park" otelinin meydançasında baş tutacaq qarşılaşmada Zaqatala təmsilçisinin rəqibi "Spartak-Nalçik" kollektivi olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Komandanın qardaş ölkədəki növbəti rəqibi isə Gürcüstanın "Dila" klubu olacaq. Qori şəhərinin təmsilçisi ilə görüş iyulun 3-də keçiriləcək. "Simurq"un Kartepedəki son yoxlama oyunu isə ayın 7-nə nəzərdə tutulub. Ancaq rəqibin kim olacağı dəqiqləşməyib.
Qeyd edək ki, Zaqatala təmsilçisi hazırlıqla yanaşı transfer çalışmalarınıda davam etdirir. Hazırda komandanın düşərgəsində baxış üçün dəvət edilmiş üç futbolçu var. Məşqçilər korpusu onlar haqqında son qərarı "Spartak-Nalçik"lə görüşdən sonra verəcək.
İdman24.az