"Səbail"in əsas komandasında yerli futbolçuların taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı futbolçulardan kimlərin komandada qalacağı, kimlərinsə gedəcəyi artıq bilinir.
Məlumdur ki, klub Mirabdulla Abbasov, Ruslan Hacıyev və Nihad Qurbanlı ilə vidalaşdığını rəsmən açıqlayıb. Müqaviləsinin müddəti başa çatan Emil Balayevin isə "Neftçi"yə keçidi gündəmdədir.
Şahin Diniyevin istəmədiyi daha 4 futbolçunun kimliyinə gəlincə, Rahid Əmirquliyev, Rafael Məhərrəmli, Ədilxan Qarəhmədov və Elmir Tağıyev də növbəti mövsüm "dənizçilər"in heyətində olmayacaq. Bundan başqa, müqavilə ilə "Zirə"yə məxsus olan və qışdan bu yana "Səbail"də icarə əsasında çıxış edən İlkin Muradovun anlaşma müddəti bitib. Bakı klubu zirəlilərlə danışıb futbolçunun keçidini birdəfəlik həll etməyə çalışır.
"Səbail" hələ cəmi bir yerli futbolçu ilə yeni müqavilə imzalasa da, müdafiəçi Vüqar Həsənovdan başqa daha 5 azərbaycanlının növbəti mövsümdə də komandada qalacağı dəqiqdir. Söhbət Ağabala Ramazanov, Adil Nağıyev, Cabir Əmirli, Hüseynəli Quliyev və Samir Abdullayevdən gedir.
Qeyd edək ki, "Səbail" əcnəbi oyunçularından Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Maksim Çexlə vidalaşdığını rəsmən açıqlayıb, Matiya Lyuçiçlə icarə müddəti isə bitib.
Mirağa