Kərim Benzemanın "Real Madrid"dən ayrılıb Səudiyyə Ərəbistanına üz tutmasından sonra "kral klubu"nda hücumçuya ehtiyac var. İspaniya nəhənginin Kilian Mbappe və Harri Keyndən birini transfer edə biləcəyi iddia olunur.
Fanat.Az xəbər verir ki, "Cadena Cope" bunun əksini idda edib.
Mənbə bu transferlərdən heç birinin baş tutmayacağını bildirib. "Real" Dortmund "Borussiya"sından Cud Bellinqem və "Rayo Valyekano"dan Fran Qarsiyanı transfer edib, Brahim Diazla isə müqaviləni uzadaraq komandanı yeniləyib. Azarkeşlər daha bir ulduzun gəlişini gözləsələr də, "Real" yay transfer pəncərəsində o qədər də aktiv olmayacaq. Bu mənada yalnız Jozelu Matonun gəlişi istisna olunmur.
Jozelu 2009-2012-ci illərdə "Real"ın üzvü olub və o, daha çox orada B komandasında ("Kastilya") çıxış edib. O, "Real"ın əsas komandasında cəmi iki oyun (18 dəqiqə) keçirib. O, 2010/2011 mövsümündə "Almeriya" ilə La Liqa matçında (6 dəqiqə) və bir mövsüm sonra "Ponferradina" ilə kubok oyununda (12 dəqiqə) şans qazanıb. Maraqlıdır ki, Jozelu hər iki oyunda qol vurmağı bacarıb.
Jozelu ötən mövsümün əvvəlindən "Espanyol"da çıxış edir. 33 yaşlı forvard 2022/2023 mövsümündə 34 liqa oyununda 16 qol vurub və daha iki məhsuldar ötürmə edib. Beləliklə, La Liqanın son mövsümündə bombardir yarışında yalnız Robert Levandovski (23) və Kərim Benzemadan (19) geri qalan forvardın İspaniya millisinə də yolu açılıb. O, yığmada iki oyun keçirib və iki qol vurub.
Mirağa