“Cari çempionatda yaxşı çıxış etsək də, müdafiəmizdə problemlər var. Bu, o deməkdir ki, arxa xətdə boşluqları aradan qaldırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakı “İnter”inin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Finlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Lüüski deyib. Mariehamnın eyniadlı təmsilçisi ölkə çempionatının son turunda evdə lider HİK-ə darmadağın olmaqla (0:5), müdafiəsində ciddi problemlərinin olduğunu göstərib.
Ancaq Lüüski iyulun 4-də Bakıdakı oyunda təkcə müdafiədə yox, hücumda da inamlı oynamalarını vacib sayır. Belə ki, onun sözlərinə görə, “İnter”lə həmin matçda qapılarını toxunulmaz saxlamaqla yanaşı, qol da vurmalıdırlar: “Səfər matçında hesabda 1:0 irəlidə olub, onu qorumağa çalışmaq lazımdır. Buna nail olmasan, heç olmasa 0:0-la qayıtmalısan. Belə oyunlarda səfərdə qol vurmaq çox vacibdir. Buna görə də Avropa Liqasında startımızda rəqib meydanında vuracağımız qol bizim üçün qızıla bərabər olacaq”.
Qeyd edək ki, finlər “İnter”lə “Bayıl Arena”dakı oyuna qədər bazar günü çempionatda “MüPA-47”nin qonağı olacaq.
İdman24.az