Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya yığmasının və klublarının beynəlxalq turnirlərə qayıdacağına inanır.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Yozef Kliment Rusiya Futbol İttifaqının (RFU) Moskvada keçirilən konfransındakı çıxışında belə deyib.
"Matç TV" UEFA rəsmisinin dediklərini belə çatdırıb: “Biz çətin sınaq qarşısındayıq, lakin UEFA-da hamı inanır ki, futbol bunun öhdəsindən gələ bilər. Hamımız inanırıq ki, təkcə məmurlar səviyyəsində və belə konfranslarda deyil, həm də ölkə millisi, klub yarışlarında görüşə bilərik.
Çətin vəziyyətə baxmayaraq, biz RFU ilə əməkdaşlığı kəsmədik. UEFA Rusiya Futbol İttifaqı, eləcə də bütün digər milli assosiasiyalar qarşısındakı bütün öhdəliklərini, o cümlədən maliyyə dəstəyini yerinə yetirir. Bizi futbol birləşdirir və həmişə futbolun xeyrinə qərar verəcəyik. Biz ölkələr arasında körpülər qurmaq, onları dağıtmamaq istəyirik. Beləliklə, biz çətinliklərin öhdəsindən necə gələcəyimizi göstərmək istəyirik".
Qeyd edək ki, FİFA və UEFA-nın Ukraynadakı vəziyyətlə bağlı qadağası səbəbindən Rusiya komandaları və klubları beynəlxalq yarışlarda iştirak etmir.
Mirağa