“Səbail”in növbəti mövsümə hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama görüşündəki rəqibi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" təlim-məşq toplanışının ilk mərhələsini "Kəpəz"ə qarşı sınaq matçıyla yekunlaşdıracaq.
Şahin Diniyevin komandası gəncəlilərlə iyulun 7-də qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda olacaq.
Yeri gəlmişkən, "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin sabiq köməkçisi Azər Məmmədovdur. O, iyulun ortalarında "Səbail"dən ayrılaraq Nizami yurduna üz tutub.
Xatırladaq ki, "Səbail" iyulun 1-də Bakıda yığışacaq. Komanda hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. Bir həftəlik tsikl ərzində "dənizçilər" BOS-da gündə 1 məşqə çıxacaq.
Bayıl təmsilçisi daha sonra Türkiyəyə yollanacaq. Hazırlığın ikinci mərhələsi Ərzurumda baş tutacaq. Təlim-məşq toplanışı 8-22 iyul tarixlərini əhatə edəcək. Hazırlıq müddətində 3 yoxlama oyunu olacaq - iyulun 15-i, 18-i və 21-də. Lakin hələlik rəqiblərin adları məlum deyil.
Mirağa