Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
COPE: PSJ-nin ulduz futbolçusu Kilian Mbappenin bu yay "Real Madrid"ə keçidi baş tutmayacaq. Daha öncə Madrid klubunun fransalı hücumçu ilə 200 milyon avro+50 milyon avro bonus ödənişi qarşılığında anlaşdıqları bildirilirdi. Ancaq mənbə "Real Madrid"in bu pulu ödəmək niyyətində olmadığını yazır.
İnsayder Canluka Di Marsio: "Valensiya"nın yarımmüdafiəçisi Yunus Musa karyerasını İtaliyada davam etdirə bilər. 20 yaşlı amerikalı futbolçunu "Sassuolo" heyətinə qatmaq niyyətindədir. Klub onu "Milan"a keçən David Fratteziyə əvəzedici olaraq görür.
İnsayder Fabritsio Romano: "Əl-Nəsr" "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviçin transferini həll etmək üzrədir. Hazırda danışıqların son mərhələsi gedir. 30 yaşlı xorvatiyalı futbolçu ilə bu gün şəxsi müqavilə üzrə anlaşma əldə ediləcək.
Rəsmi: "Frayburq" "Zaltsburq"un hücumçusu Cunior Adamı transfer edib. Avstriya millisinin üzvü Almaniya klubuna 9,5 milyon avroya başa gəlib. 22 yaşlı forvard "Zaltsburq"un heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəsmi: "Marsel"in hücumçusu Luis Suares "Almeriya"ya keçib. İspaniya klubu ötən mövsüm icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını alıb. 25 yaşlı kolumbiyalının keçidi üçün İspaniya klubu 8 milyon avro ödəyib.
Rəsmi: Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzekonun “Fənərbağça”ya keçidi rəsmiləşib. İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılmış 37 yaşlı forvard Türkiyə nəhəngi ilə 2 illik müqaviləyə imza atıb. Bosniyalı hücumçunun yeni klubunda ilinə 4 milyon 200 min avro qazanacağı diqqətə çatdırılıb.
Röya