Yay fasiləsində ən çox fəallıq göstərən klub "Səbail"dir. Paytaxt klubu mövsüm başa çatan kimi heyətdə radikal dəyişiklik etməyə qərar verdi. Heyətin yarısı - 12 futbolçu ilə yollar ayrıldı.
Klub yeni transferlərdə də gecikmir. Hər halda, "Səbail" hamıdan çox - 7 futbolçu ilə münasibətlərini rəsmiləşdirərək ictimaiyyətə tanıdıb. İlk növbədə yerli bazarda fəallıq göstərən "dənizçilər" "Sumqayıt"dan Rüfət Abdullazadəylə Süleyman Əhmədovu, "Şamaxı"dan Amil YUnanovla Bahadur Həziyevi, "Qəbələ"dən Səlahət Ağayevi, "Zirə"dən Coşqun Diniyevi və nəhayət, "Kəpəz"dən Yusif Nəbiyevi sıralarına qatıb.
"Səbail"in baş məşqçisi Şahin Diİniyev Fanat.Az-a açıqlamasında yerli bazarda fəaliyyətlərini başa vurduqlarını deyib:
"Fasilə olsa da, biz dayanmadan çalışırıq. Bizə kömək edə biləcəyinə inandığımız oyunçuları əldə etmək istiqamətində işləyirik. Düzdür, bəzən bizdən asılı olmayan səbəbdən, hansısa transfer baş tutmadı. Amma 7 oyunçu ilə anlaşmışıq. Hamısı da yerli futbolçulardır - Səlahət Ağayev, Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanov. Bununla da yerli transfer bazarı ilə işimizi bitmiş saymaq olar. Bir neçə vacib mövqedə problem qalıb ki, ora legioner cəlb etməyi planlaşdırırıq. Heyəti böyük ölçüdə hazırlığın startına qədər komplektləşdirməyə çalışırıq. Amma ola bilsin ki, istədiyimiz əcnəbi oyunçular təlim-məşq toplanışının ölkə xaricindəki mərhələsinə qatılsınlar".
Diniyev təlim-məşq toplanışı ilə bağlı planlardan da danışıb: "İyulun 1-də Bakıda yığışacağıq. Komanda hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. Bir həftəlik tsikl ərzində Bakı Olimpiya Stadionunda gündə 1 dəfə olmaqla məşq edəcəyik. Ayın 7-də hazırlığı yoxlama oyunu ilə başa vurmağı planlaşdırırıq. Həmin gün "Kəpəz"lə görüş razılaşdırılıb. Oyun BOS-un ikinci meydançasında olmalıdır.
Hazırlığın ikinci mərhələsi Türkiyədə olacaq. Ərzuruma 8-də getsək, təlim-məşq toplanışı 8-22 iyul tarixlərini əhatə edəcək. Bir gün gec yollansaq, Türkiyədən 23-ü dönəcəyik. Hazırlıq müddətində 3 yoxlama oyunu olacaq. Sonradan hansısa dəyişiklik baş verməsə, oyun günləri iyulun 15-i, 18-i və 21-i nəzərdə tutulub. Hələ rəqiblərin adları məlum deyil. Yəqin yaxın günlərdə bilinəcək".
Mirağa