Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin oyunçusu Emil Mustafayev Ukrayna "Aleksandriya"sından ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə müqaviləsinin müddəti başa çatan 21 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma imzalanmadığı qeyd olunub.
Emil Mustafayev Ukrayna təmsilçisinin heyətində 2018-ci il avqustun 17-də Zaporojye “Aleksandriya” – “Metalurq” matçında (2:3) debüt edib. Ümumilikdə o, klubun U-19 komandasında 43 oyun keçirib və 11 qol vurub. Futbolçumuz "Aleksandriya"nın U-21 komandasında isə 21 oyun keçirib, 5 dəfə rəqib qapısına yol tapıb.
Emil əsas komandanın heyətində ilk dəfə 2021-ci il mayın 9-da “Zorya” Luqansk – “Aleksandriya” (2:1) oyununda meydana çıxıb. Ukrayna Premyer Liqasında 24 oyun keçirən Mustafayev 2 qol vurub. Ukrayna Kubokunda daha 2 oyun keçirən yarımmüdafiəçi burada da 2 dəfə fərqlənib.
Ukraynanın və Azərbaycanın bir neçə klubunun Mustafayevlə maraqlandığı deyilir.
Mirağa