Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Barselona"dan ayrılan Serxio Buskets "İnter Mayami" ilə anlaşıb. 34 yaşlı yarımmüdafiəçi ABŞ klubuna azad agent kimi keçir. Onun katalonlarla hazırkı müqaviləsi iyunun 30-da başa çatır.
2008-ci ildən "Barselona"nın şərəfini qoruyan Buskets ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "İnter Mayami" daha əvvəl Lionel Messini də heyətinə qatıb.
"Marsel" klubunun yeni baş məşqçisi bəlli olub. Fransa təmsilçisi Marselino Qarsiya Toralla anlaşıb. O, bu postda İqor Tudoru əvəz edib. 57 yaşlı ispaniyalı mütəxəssis "Atletik Bilbao", "Valensiya", "Vilyarreal", "Sevilya" kimi klublarda çalışıb.
***
"Tvente"nin hücumçusu Vatslav Çernıy "Volfsburq"a keçib. Transferin qiyməti 8 milyon avro təşkil edib.
25 yaşlı çexiyalı futbolçu arxada qalan mövsümdə "Tvente"nin heyətində 41 matçda meydana çıxıb, 15 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
***
“Qalatasaray” müdafiəçisi Emre Taşdemirlə yolları ayırıb. 2019-cu ildə "Bursaspor"dan transfer edilən 27 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti başa çatıb.
"Tuluza"nın yarımmüdafiəçisi Steyn Spirinqs "Lans"a keçib. 27 yaşlı niderlandlı futbolçu yeni klubuna azad agent kimi keçib. Spirinq "Tuluza"nın heyətində son mövsümdə 42 oyunda iştirak edib. 3 qol vuran futbolçu 3 məhsuldar ötürmə edib.
***
"Vest Bromviç"in müdafiəçisi Dara Oşi "Börnli"yə keçib. 24 yaşlı irlandiyalı futbolçunun transferi 7,8 milyon avroya başa gəlib. "Vest Bromviç"in yetirməsi olan Oşi doğma klubunun heyətində 107 matçda meydana çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Röya