"Milan"ın yarımmüdafiəçisi Sandro Tonali "Nyukasl"la müqavilə bağlasa da, İngiltərə klubu gələn həftə bu transferi rəsmən açıqlamayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı tanınmış insayder Fabritsio Romano şəsxi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə "sağsağanlar"ın müəyyən texniki detallar üzərində işlədiyini və keçidin elan edilməsinin bu səbəbdən yubanacağını vurğulayıb. Romano futbolçunun agentinin açıqlamasını da diqqətə çatdırıb: "Nyukasl"ın layihəsi Tonali üçün idealdır. Sandro İngiltərə klubunda ən vacib fiqurlardan biri olacaq".
Daha öncə "Nyukasl"ın bu transfer üçün İtaliya nəhənginə 70 milyon avro ödədiyi və müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə qol çəkən oyunçunun özünə illik 7 milyon avro maaş verəcəyi müəyyənləşib. Bundan başqa, Sandronun 2 milyon civarında bonus qazanmaq imkanı da var.
Qeyd edək ki, Tonali 2020-ci ildə "Breşia"dan icarəyə götürülmüş, 1 il sonra isə "qırmızı-qaralar" onun transfer hüquqlarına yiyələnmişdi.
Nihat