Son mövsümün ikinci yarısını icarə əsasında "Səbail"də keçirən "Zirə"nin futbolçusu İlkin Muradovun durumuna aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər"lə icarə müddəti başa çatan yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Zirə"yə dönüb.
Coşqun Diniyevlə anlaşıb daha sonra müqaviləyə xitam verən "Səbail" Muradovun xidmətində maraqlı olsa da, danışıqlar nəticə verməyib. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun İlkinin xidmətində maraqlı olması anlaşmanın baş tutmamasına səbəb olub. Bir sözlə, 27 yaşlı futbolçu növbəti mövsüm zirəlilərə xidmət edəcək.
Qeyd edək ki, ötən mövsümün gedişində cəzalandırılan, sonradan bağışlanmasına rəğmən, qışda "Səbail"ə icarəyə verilən İlkin Muradov 2022/2023-də Premyer Liqada 26 oyuna çıxıb ki, o, bunun 13-ünü "Zirə"də, yarısını da "Səbail"də reallaşdırıb.
Mirağa