“Sabah”ın yay hazırlıq planında dəyişiklik olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, UEFA Konfrans Liqasının və növbəti mövsümün hazırlıqlarına iyunun 21-də start verən bakılılar Azərbaycandakı toplanış çərçivəsində 1 sınaq matçı keçirəcək.
Halbuki, Azərbaycandakı hazırlıq prosesi çərçivəsində 2 oyun planlaşdırılmışdı. Təlim-məşq toplanışına Bakıda başlayan Murad Musayevin baş məşqçisi olduğu komanda dünəndən Qəbələdədir. Bu bölgədəki toplanış iyulun 5-nə qədər davam edəcək. Məhz bu mərhələdə bir yoxlama oyunu nəzərdə tutulub. "Sabah" "Qəbələ" ilə gücünü sınamağı planlaşdırır.
İyulun 6-da isə komanda hazırlığın əsas mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq. Avstriyadakı hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Hələlik Tiroldakı rəqiblərdən birinin adı bilinir. "Sabah" iyulun 19-da Yunanıstan "Olimpiakos"u ilə gücünü sınamağı planlaşdırır.
Mirağa