Rusiyada keçirilən "Matç TV" turnirində iştirak edən "Neftçi" bu gün ilk matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Sankt-Peterburqda Rusiya çempionu "Zenit"lə üz-üzə gələcək.
Oyun "Qazprom Arena"da baş tutacaq və saat 20:30-da başlayacaq.
Qeyd edək ki, 1-15 iyul aralığında baş tutacaq turnirdə "Neftçi"nin digər rəqibləri Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" klubları olacaq. Azərbaycan təmsilçisi iyulun 8-də ("Smena" stadionu, saat 20:30) "Srvena Zvezda" ilə, ayın 15-də isə "Fənərbaxça" ("Smena" stadionu, saat 15:00) ilə qarşılaşacaq.
"Neftçi" Sankt-Peterburqa baş məşqçisiz yollanıb. Laurentsiu Regekampfla yollar ayrıldıqdan sonra yeni məşqçi təyinatı hələ reallaşmayıb. Komanda turnirə məşqçilər Vadar Nuriyev və İqor Getmanın rəhbərliyi altında yollanıb. Həmçinin, komandanın kapitanı və ötən mövsümün bombardiri, yeni müqavilə ilə bağlı hələ razılaşa bilməyən Emin Mahmudov da düşərgədə deyil.
Xatırladaq ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi" qitəmiqyaslı yarışın II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo Minsk" (Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Ağ-qaralar" ilk sınağına iyulun 27-də səfərdə çıxacaq, cavab matçı isə avqustun 3-də Bakıda olacaq.
Mirağa