Qarşıdakı mövsümdə xarici ölkədə 5 azərbaycanlı futbolçu (Ramil Şeydayev, Vüsal İsgəndərli, Cəlal Hüseynov, Musa Qurbanlı, Coşqun Diniyev) təmsil edəcək. Əslində, Coşqun Diniyev öz Premyer Liqamızda oynamağa yaxın idi. O, hətta "Səbail" ilə müqavilə də bağlamışdı. Ancaq yayda "Zirə"dən ayrılan yarımmüdafiəçi "dənizçilər"lə müqaviləyə saldırdığı bənddən istifadə edərək ölkə xaricindən gələn təklifi müsbət dəyərləndirdi.
Coşqun bu gün "Ümraniyəspor"la rəsmi müqavilə imzalayıb. Super Liqanı bu mövsüm tərk edən kluba transfer olunan Diniyev keçidi ilə bağlı təəssüratlarını Fanat.Az-a bölüşüb: "Bəli, münasibətləri bu gün rəsmiləşdirdik. Çox yaxşı bir kluba gəlmişəm. Gözlədiyimdən də yaxşı qarşılandım. Diqqət, hörmət burda ən üst səviyyədədir. "Ümraniyəspor"a gəlməklə bağlı verdiyim qərarın nə qədər düzgün olduğuna bir daha əmin oldum. Klubun şəraiti, bazası, məşq meydançaları, stadionu - hər şey yaxşıdır. Rəhbərliyin, məşqçilərin, işçilərin peşəkarlığı yüksək səviyyədədir. Açığı, Azərbaycanda belə şəraiti heç yerdə görməmişəm".
Yarımmüdafiəçi artıq məşqlərə qoşulduğunu bildirib: "Məşqlər başlayıb. Hələlik İstanbulda məskunlaşmışıq. Təxminən üç həftə burda olacağıq. Bundan sonra hazırlığın ikinci mərhələsi olacaq ki, detallar qarşıdakı günlərdə açıqlanacaq".
Mirağa