İyulun 1-dən növbəti mövsümün hazırlıqlarına start verən "Səbail" təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. Paytaxt təmsilçisi həftəlik "tsikl"i "Kəpəz"lə Bakı Olimpiya Stadionunun ikinci meydançasında "Kəpəz"lə keçirdiyi yoxlama görüşü (2:1) ilə tamamlayıb.
"Səbail"in baş məşqçisi Şahin Diniyev Fanat.Az-a açıqlamasında Bakı toplanışını dəyərləndirib: "Birinci mərhələni başa vurduq. Bu "tsikl"da başlıca vəzifəmiz "nəfəsi genişləndirmək", fiziki hazırlığı bərpa etmək və artırmaq idi. Əsas işimiz Ərzurumda olacaq. Bakıdakı çalışmalar Ərzurum toplanışına hazırlıq idi. Altı gün ərzində uşaqların işə münasibətindən razı qaldım.
Oyuna gəlincə, nəticəsi heç bir önəm daşımırdı. Hətta futbolçulara meydanda nə edəcəkləri ilə bağlı heç bir tapşırıq verilməmişdi. Sadəcə, yorğunluq fonunda hər kəsi iş başında görmək, yüklənməyə onların reaksiyasını öyrənmək istəyirdik. Bütün futbolçuları, hətta özünü göstərmək üçün baxışa gələn gənclərə, əvəzedici komandamızın üzvlərinə də şans verdik. Ümumi iş məni qane etdi".
Diniyev legionerlərlə bağlı suala belə cavab verib: "Təbii ki, hər birini bəyənib komandaya cəlb etmişik və hər birinin bizə faydalı olacağına inanırıq. Sadəcə, onlar da yerli oyunçular kimi bir aydır topsuz qalıblar. Oyunlarına formalarının zirvəsində olanda qiymət vermək daha düzgün olar. Həm də oyun komponentləri üzərində Türkiyədə işləyəcəyik və onlar o vaxt komandaya "oturacaqlar".
Qeyd edək ki, "Səbail" iyulun 9-23-ü aralığında Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olacaq və hazırlıq çərçivəsində 3 sınaq matçı keçirəcək.
Mirağa