"Çelsi"nin əfsanələrindən olan Con Terri yenidən London klubuna qayıdıb.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü bu barədə "Twitter" hesabında məlumat verib.
O, klubun akademiyasında çalışacağını bildirib: "Evə qayıtdığım və akademiya məşqçisi kimi çalışacağım üçün xoşbəxtəm".
42 yaşlı mütəxəssisin son iş yeri məşqçilər korpusunda yer aldığı "Lester" olub. O, İngiltərə Premyer Liqasından (APL) aşağı liqaya düşdükdən sonra komandanı tərk edib.
Terri 14 yaşında “Çelsi”yə keçib, gənclər komandasında, sonra isə 1998-2017-ci illərdə əsas komandada çıxış edib. O, London klubunda 717 oyuna çıxıb, 5 dəfə Premyer Liqa və bir dəfə Çempionlar Liqasının qalibi olmaqla 17 kubok qazanıb.
2017/18 mövsümündə Terri “Aston Villa”da çıxış edib, bundan sonra üç il komandanın məşqçilər korpusunda qalıb. “Lester”ə getməzdən əvvəl Terri daha iki il “Çelsi” akademiyasında çalışıb. O, 2003-2012-ci illərdə İngiltərə millisində 78 oyun keçirib.