Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov əfsanələrin qatılacağı "Game4Ukraine" xeyriyyə oyununda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı matçın təşkilatçıları yayıblar.
Millinin baş məşqçisi digər ukraynalı əfsanə Andrey Şevçenkonun komandasında çıxış edəcək.
Qeyd edək ki, Ukraynaya dəstək məqsədilə bir çox məşhur futbolçuların qatılacağı xeyriyyə oyunu 5 avqustda Londondakı "Stamford Bridge" stadionunda keçiriləcək.
Dünya ulduzları "Andrey Şevçenko komandası" (sabiq ukraynalı hücumçu UNITED24 platformasının səfiridir) və "Aleksandr Zinçenkonun komandası"na (hazırda "Arsenal"da çıxış edir) bölünəcəklər. Zinçenkonun komandasını meydana əfsanəvi fransız mütəxəssis Arsen Venger çıxaracaq.
Oyunda Rebrovdan başqa, Dida, Yens Lemann, Mixael Mudrik, Canfranko Zola, Rikardo Karvalyo, Luka Toni, Massimo Oddo, Karlo Kudiçini, Vilyam Qallas, Klod Makelele, Samuel Etoo, Maykl Esyen, Fabio Kannavaro, Klarens Zeedorf, Coleon Leskott, Berger, Rober Pires, Per Mertezaker, Con Rays, Robi Kin, Enner Valensia, Patrik Viyera, Morqan, Cek Uilşir, Bakari Sanya, Edqar Davids və Şota Arveladze kimi veteranlar iştirak edəcəklər.
Oyundan toplanacaq vəsait 2022-ci ilin martında rus işğalçıları tərəfindən dağıdılmış Çerniqov vilayətində yerləşən Mixaylo-Kotsiubin liseyinin bərpasına sərf olunacaq.
Mirağa