"İnter" klubu transfer bazarında hücumçu axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, milanlılar gözlərini "Arsenal"ın hücumçusu Folarin Baloquna dikib.
Məlumatı insayder Fabritsio Romano yayıb.
"Neradzurrilər" "topçular"la danışıqlara gələn həftənin əvvəlində başlayacaqlar.
Əslində, "İnter" 22 yaşlı amerikalını çoxdan gözaltı edib. Sadəcə, Romelu Lukakuyla bağlı tərəddüdlər əməli fəaliyyətə başlamağı ləngidirdi. Artıq müqavilə ilə "Çelsi"yə məxsus olan belçikalının transferindən imtina edən "İnter" London klubunun "qapısını döyməyə" qərar verib.
Amerikalı forvardla "Milan" da maraqlanır.
Folarin "Arsenal"ın yetirməsidir. O, əsas komandada 10 oyuna çıxıb və iki dəfə icarəyə verilib. Ötən mövsüm Baloqun "Reyms"də çıxış edib. Fransa çempionatının 37 matçında 21 qol vurub və iki məhsuldar ötürmə verib. Hücumçu Liqa 1-də ən yaxşı 5 bombardir sırasına daxil olub. Hazırda hücumçu "topçular"la birlikdə yeni mövsümə hazırlaşır.
"Transfermarkt" futbolçunu 30 milyon avro qiymətləndirir. Onun "Arsenal"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Mirağa