“Sabah”la “Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində müvafiq olaraq Latviyanın RFS və Bosniya və Herseqovinaın “Jelezniçar” komandalarına qarşı keçirəcəyi ilk oyunların vaxtı və təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri fərqli günlərdə meydana çıxacaqlar.
Belə ki, UEFA “Sabah”ın RFS-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb. Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Yurmaladakı görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanı Yan Maxalek idarə edəcək. Ona Adam Harak və Yan Vanya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Orel icra edəcək.
Bu komandalar arasında cavab görüşü avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.
“Neftçi” isə “Jelezniçar”a qarşı ilk oyununu iyulun 27-də keçirəcək. “Ağ-qaralar”ın bu rəqiblə “Qrbavitsa” stadionunda baş tutacaq səfər matçına 22:30-da start veriləcək. Bu oyun Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardım edəcəklər. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.
“Neftçi” də mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıdakı “Bakcell Arena”da keçirəcək.