Qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 3-cü turu çərçivəsində E qrupunda yer alan Niderland və Vyetnam milliləri qarşılaşıblar.
Fanat.Az xəbər verir ki, "Forsayt Barr - Otaqo" stadionunda (Danidin, Yeni Zelandiya) baş tutan görüşdə Niderland seçməsi asiyalıların qapısından 7 cavabsız top keçirib.
Avropa təmsilçisinin qollarına Like Martens, Katya Snuys, Esme Bruqts (2), Cill Rord (2) və Daniel van de Donk imza atıb.
Beləliklə, xal hesabını 7-yə çatdıran Niderland E qrupunun lideri qismində 1/8 finala vəsiqə qazanıb. Bu qrupda 2-ci yeri 5 xala malik ABŞ tutub. Portuqaliya mübarizəni 4 xalla 3-cü, xal toplaya bilməyən Vyetnam isə 4-cü sırada başa vurub.
Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilir. İyulun 20-də start götürən mündial avqustun 20-nə qədər davam edəcək. Turnirin son qalibi ABŞ millisidir.
Nihat