UEFA ötən gün Konfrans Liqasında keçirilən oyunlardan sonra reytinq siyahısını yeniləyib.
Fanat.Az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində bəzi dəyişikliyə səbəb olub.
Xorvatiya, Polşa, Ermənistan, Latviya, Kosovo, Farer adaları, Lüksemburq, Gürcüstan, Andorra və Şimali Makedoniya irəliləyibsə, Yunanıstan, İsveç, İrlandiya, Finlandiya, Lixtenşteyn, Şimali İrlandiya, Malta, Estoniya və Monteneqro geriləyib.
Azərbaycana gəlincə, “Neftçi” və “Sabah”ın II təsnifat mərhələsinin cavab oyununda qazandığı qələbələr əmsal qazancımıza təsir edib. “Neftçi” “Jelezniçar”a (Bosniya və Herseqovina) 2:0, “Sabah” isə RFŞ-ə (Latviya) qalib gələrək, ölkəmizə ümumilikdə 0,500 (hərəyə 0,250) əmsal qazandırıb. CBeləliklə, cari mövsümdəki ümumi qazanc 1,500-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi reytinq xalı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb. 28-ci sıradakı Slovakiya ilə arada 0,750 xallıq fərq var.
UEFA reytinqinə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədədi.