“Su idmançı həyatının vacib hissəsidir. Biz şadıq ki, bu şirkət bizim tərəfdaşımız oldu. Ümid edirik ki, əməkdaşlığımız qarşılıqlı faydalı olacaq”.
Fanat.Az xəbər verir ki, “Maximus” MMC ilə sponsor müqaviləsi bağlayan “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov "Neftçi Arena"da baş tutan imzalanma mərasimində belə deyib.
Daha sonra klub funksioneri əməkdaşımızın da olduğu tədbirdə jurnalistlər üçün brifinq keçirib. Bildirilib ki, “Aqua Life” markalı su ilə təmin edəcək yeni tərəfdaşla müqavilə bir illikdir.
Fərrux Mahmudov klubun gələcək tərəfdaşları ilə çıxışına bu sözləri əlavə edib: "Biz inanırıq ki, bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik. Hansı ki, bu niyyətdəyik. Tərəfdaşların dəyərləri bizim dəyərlərimizlə üst-üstə düşməlidir".
Öz növbəsində “Maximus” MMC-nin təsisçisi Elnur Kosayev Bakı klubu ilə müqavilə imzalanmasına münasibət bildirib: “Neftçi”yə uğurlar arzulayırıq. Belə bir tərəfdaşımız olduğu üçün şadıq. Klubdan təklif aldıq, məlumat topladıq, görüşüb razılaşdıq”.
"Neftçi"nin baş icraçı direktoru UEFA-nın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu avqustun 10-da Türkiyənin “Beşiktaş” klubu ilə Bakıda keçirmək qərarına toxunub: “UEFA-nın qərarına gəlincə, bununla bağlı heç bir problemimiz yoxdur. Komandanın oyununa azarkeşlərimiz gələcək və bu, bizə bəsdir. Oyundan əvvəl çox danışılır, amma biz sözümüzü meydanda deyəcəyik”.
Ev stadionunun adının “Neftçi Arena” olması ilə bağlı Mahmudov deyib: “Stadion üçün potensial sponsorlar var idi, amma biz “Neftçi Arena” adını seçmək qərarına gəldik. Stadion AFFA-nın balansındadır. Biz onlarla razılaşdıq, adla bağlı heç bir problem yoxdur”.
Mirağa