Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubunun - Zaqreb “Dinamo”sunun Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan AEK-i ilə dünən keçirməli olduğu təxirə salınmış matçın vaxtı müəyyənləşib.
Fanat.Az Xorvatiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Dinamo” ilə AEK arasında ilk duel avqustun 15-də, saat 20:00-da Zaqrebdə baş tutacaq.
Cavab qarşılaşması isə avqustun 19-da, saat 20:45-də Afinada reallaşacaq. Hər iki oyuna qonaq azarkeşlər buraxılmayacaqlar.
Xatırladaq ki, UEFA AEK - "Dinamo" matçını xorvat azarkeşlərlə yunan fanatlar arasında yaşanan qanlı insident üzündən ertələyib. Afina yaxınlığındakı toqquşma zamanı azı 6 nəfər yaralanıb, 22 yaşlı yunan tərəfdar isə aldığı bıçaq yaraları səbəbindən həyatını itirib.
Nahid Məmmədov