Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Olimpiya” (Sloveniya) - “Qarabağ” matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün 802 bilet ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər (802 ədəd) oyun günü - avqustun 24-də yerli vaxtla 18:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Stojitse" stadionunda S30 və S31 sektorlarının yaxınlığında satılacaq. Biletlərin qiyməti 25 avrodur.
Bilet satışını meydan sahibi “Olimpiya” klubu həyata keçirir.
Xatırladaq ki, avqustun 24-də keçiriləcək “Olimpiya” - “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.