Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdıran (2:1, 2:1) "Qarabağ" sözügedən turnirin pley-offunda Sloveniya "Olimpiya"sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin məşqçisi Arif Əsədovla əlaqə saxlayıb "köhlən atlar"ın şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu
"İnanıram ki, "Qarabağ" növbəti dəfə Avroliqanın qrupuna düşəcək və Azərbaycan futbolunu layiqincə təmsil edəcək. Bunu deməyə əsas verən amil rəqibinin təmsilçimizin dişinə görə olmasıdır. Hətta deyərdim ki, Sloveniya komandası "Qarabağ"ın əvvəlki mərhələlərdə qarşılaşdığı klublara nisbətən zəifdir. Əlbəttə, Avroliqanın pley-offunda zəif rəqib olmur. Sadəcə, "Qarabağ"ın təcrübə və futbolçuların keyfiyyəti baxımından bu rəqibindən üstün olduğunu düşünürəm. Səfər oynunundan sonra təmsilçimizin qrupa düşmək şansları haqda daha dəqiq danışa bilərik. Sloveniyada keçiriləcək ilk oyunda "Qarabağ"ın inamlı qələbə qazanacağına ümid edirəm".
Nahid Məmmədov