Lionel Messinin çıxış etdiyi “İnter Mayami” növbəti titulun biraddımlığındadır.
Fanat.Az saytı xəbər verir ki, ötən həftə Liqa Kubokunu qazanan sözügedən komanda ABŞ Kubokunda da finala yüksəlib.
“İnter Mayami” yarımfinalda “Çinçinnati”ni üstələyib. Əsas vaxt və əlavə olunmuş yarım saat ərzində qalib müəyyənləşməyib - 3:3. Yeni komandasında ilk dəfə hansısa matçda fərqlənə bilməyən argentinalı iki assistlə yadda qalıb. Oyunsonrası penaltilər seriyasında isə 5:4 hesablı qələbə qazanan “İnter Mayami” finala yüksəlib.
Messinin komandası həlledici görüşdə “Hyuston Dinamo” ilə qarşılaşacaq. Final matçı avqustun 27-də Hyustonda keçiriləcək.