Misli Premyer Liqasının 4-cü turunda "Turan Tovuz" "Səbail"i qəbul etdi. 3:1 hesablı qələbə qazanan qonaqların heyətində aktiv oyunu ilə seçilən, "dənizçilər"in son qoluna məhsuldar ötürmə ilə töhfə verən Amil Yunanovla əlaqə saxlayıb həmin qarşılaşma barədə fikirlərini öyrəndik.
30 yaşlı tovuzlu hücumçunun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun çox gərgin, maraqlı mübarizə şəraitində keçdi. Tovuz səfəri ən çətin səfərlərdən biridir. Möhtəşəm azarkeş dəstəyi var idi. Sevindirici haldır ki, qələbə qazandıq. İnanıram ki, qələbələrimizin ardı gələcək.
Qol ötürməsinə gəlincə, komandama fayda verə bildiyim üçün çox sevindim. Bundan sonra da çalışacam ki, komandama kömək edim.Tovuzlu olmağımla bağlı onu deyə bilərəm ki, həqiqətən orada oynamaq çox xoşdur. Tovuzda çoxlu tanışlarım dostlarım və qohumlar yaşayır. Sevindim ki, sonda da qələbə qazandıq".
Nahid Məmmədov