UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Olimpiya"nı 2:0 hesabı məğlub edən "Qarabağ" sabah Sloveniya təmsilçisini Bakıda qəbul edəcək.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb ağdamlıların cavab oyunundan nə gözlədiyini və bu mövsüm ölkə çempionluğuna nə dərəcədə iddialı olduğunu soruşduq.
"Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Qarabağ" birinci oyunda çox iş gördü. Əsas iş də qələbə idi. 2:0 hesablı qələbə çox gözəl nəticədir. Hesab edirəm ki, sabahkı oyunda problem olmayacaq. Bilirsiniz, Ağdam klubu işinin yarısını görüb. Səfəfrdəki oyunda olduğu kimi, evdə də öz oynunu oynamalı, məqsədinə çatmalıdır. Sadəcə, komandanın bu oyun ilə Çempionlar Liqasında mübarizəni dayandırması çox üzücü haldır.
"Qarabağ"ın ölkə çempionatının ilk turlarında xal itirməsi normal haldır. Ancaq yadıma gəlmir ki, son illərdə nə vaxtsa "Qarabağ" mövsümə belə start vesin. Əlbəttə, əsas avrokubok oyunları idi. Bu məqam komandanın tam gücünü səfərbər etməsinə imkan vermirdi. Yaxın zamanda çempionatda fasilə olacaq. Bu, "Qarabağ" üçün vacib məqamdır. Həm oyunçuların fiziki istirahəti, həm də psixoloji hazırlığının yerində olması üçün. Məncə, "Qarabağ" çempionluq uğrunda mübarizədə yenə əsas favoritdir".
Nahid Məmmədov