Misli Premyer Liqasının V turunda ilk dörd turda maksimum nəticə göstərən “Zirə” ilə xal üzünə həsrət olan “Qəbələ” üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, doğma meydanında 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar”ın xal həsrətinə son qoyulubsa, bakılıların uğurlu seriyası qırılıb.
1992-ci ildən bəri təşkil olunan Azərbaycan çempionatlarında 3-cü dəfə ilk dörd turda qələbələri sıralayan komanda ilə xalsız qalan tərəf qarşılaşıb. İlk belə hal 1994-95 mövsümündə yaşanıb. “Neftçi” Sumqayıt “Xəzər”ini səfərdə 10:0 hesabı ilə məğlub edərək, qalibiyyət seriyasını 5 matça yüksəldib.
Bundan 9 il sonra isə “Şəmkir” eyni uğura imza atıb. Qərb təmsilçisi “Lokomotiv”i öz meydanında 5:1 hesabı ilə üstələyib. Həmin dueldə də “Şəmkir” ardıcıl 5-ci qələbəsini, “Lokomotiv” isə məğlubiyyətini alıb.
Qəbələdəki qarşılaşmada isə liderin qələbə qazanma ənənəsi qırılıb.