Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Səbail" doğma meydanda "Qarabağ"ı qəbul etdi. Ev sahibi komandanın 2:1 hesablı qələbə qazanmasında əsas pay sahiblərindən biri olan qolkiper Səlahət Ağayevlə əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.
"1 nömrə"nin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Oyundakı seyvlərinlə bir neçə dəfə komandanı qoldan xilas etdin. Qələbədə fərdi ustalığın, yoxsa hansısa xüsusi motivasiyanın əsas rol oynadığını deyə bilərik?
- Belə qələbələrdə hansısa futbolçunun bir-iki hərəkətini qabartmaq düzgün deyil. Bütün komanda olaraq yaxşı mübarizə apardıq və nəticədə əzmkar qələbə qazanıb azarkeşlərimizi sevindirdik. “Qarabağ” kimi komanda üzərində qələbə qazandığımız üçün sevincliyik.
- Rəqibin fərqləndiyi epizodda Keyta ilə başabaş mübarizədə məğlub ayrıldın. Bu haqda nə deyə bilərsən?
- Oyun epizodudur, nə deyə bilərəm? Rəqib daha surətli oynadı, nəticədə fərqləndi.
- Oyunun sonunda aldığın sarı vərəqə ədalətli idi?
- Belə hallar çox olur. Bu oyundur, vərəqə də futbolun bir hissəsidir.
- Milliyə görə fasilədən sonra "Kəpəz"lə qarşılaşacaqsız. Qarşıdakı oyunu necə dəyərləndirirsən?
- Ardıcıl 2 qələbə bizi bir qədər də ruhlandırıb. İndi özümüzə daha çox inanırıq. Gəncə səfəri hər bir komanda üçün ağır keçir. “Kəpəz”lə oyunda uğurlu nəticə qazanıb azarkeşlərimizi sevindirmək və uğurlu seriyanı davam etdirmək istəyirik.
Nahid Məmmədov