Türkiyə Futbol Federasiyasının (TFF) AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Eskişehirdə keçirləcək Türkiyə - Ermənistan matçına üçüncü ölkənin bayrağının buraxılmayacağını açıqlaması həm qardaş ölkədə, həm də Azərbaycanda qızğın müzakirələrə səbəb oldu.
Ölkənin ən təcrübəli diman jurnalistlərindən olan, "Neftçi" və "Qarabağ" kimi klublarda iş təcrübəsinə malik Gündüz Abbaszadə ilə əlaqə saxlayıb qərara münasibət öyrəndik. Abbaszadənin Fanat.Az-a açıqlaması belə oldu:
"Ümumiyyətlə bütün bu məsələlərdə UEFA həssaslıqla yanaşmağa çalışır. Biz klubda çalışdığımız dönəmdə də bizim UEFA-dan dəfələrlə tələbimiz olub ki, bu bayraq məsələsinə həssaslıqla yanaşsın. Sadəcə, Türkiyə Futbol Federasiyası belə bir müraciəti icra etməyə məcburdur. Bu qadağa görünür, Ermənistan Futbol Federasiyasının təkidindən sonra qəbul edilib. Amma unutmayaq ki, Ermənistanda keçirilən oyunda ermənilər çirkin əməllərindən geri qalmamışdılar. Onlar sadiona separatçı bayraqlar gətirmişdilər. Bəzən ikili standart olsa da, Türkiyə Futbol Federasiyasının belə bir çağırış etməsi başadüşüləndir. Normal qarşılamaq lazımdır. UEFA qarşısında öhdəlikləri var və bu öhdəliyə cavab verməlidir. Əsas olan türkiyəli azarkeşlərin buna reaksiyası idi. Dünən "Twitter"də ən populyar həştəqlər bu məsələ ilə, konkret desək, Azərbaycan bayrağı ilə bağlı həştəqlər idi. Bu, türkiyəli azarkeşlərin və Türkiyə xalqının reaksiyası idi. Önəmli olan budur!
Düşünürəm ki, buaxşamkı oyunda kifayət qədər Azərbaycan bayrağı olacaq. İnsan psixologiyasında belə bir məqam var ki, qadağaya meyl daha çox olur. Azarkeşlər müxtəlif üsullarla Azərbaycan bayrağını stadiona keçirəcəklər. Bayraq olmasa belə, oyunun müəyyən kəsimlərində "Azərbaycan-Türkiyə" çağrışları olacaq. Bu tip məqamlar artıqlaması ilə kifayət edəcək. Əvvəlki illərdə də, məsələn, Bursada keçirilən oyunda belə bir təcrübə olmuşdu. İndi əvvəlkindən daha yaxınıq. Bütün dünya qardaşlığımızı, dostluğumuzu nümunə göstərir. Türkiyə azarkeşləri də bayraq tələbini səsləndirirlər. Belə olan halda, Türkiyə Futbol Federasiyası öz çağrışını edərək öhdəliyini yerinə yetirib. Stadiona bayraqlar qadağalara rəğmən keçirilərsə - mən buna çox inanıram - Türkiyə Futbol Federasiyası müyyən məbləğdə, hardasa 30-35 min avro məbləğində cərimə ödəmək məcburiyyətində qalacaq. Bu cəriməni ödəməyə də zənnimcə, hazırdılar. Bu qadağaya əməl etmədikləri üçün Türkiyə Futbol Federasiyasına yalnız pul cəriməsi tətbiq edə bilərlər. Hər hansı sanksiyadan söhbət gedə bilməz. Pul cəzası da bayraqlarımıza qurban olsun".
Nahid Məmmədov